Ilahə Abaslı/

Bu il Azərbaycanda qadınların ilk dəfə səsvermə hüququ almasından 101 il keçir. Yəni, Azərbaycan qadınları bir əsrdir ki, feminizmin ilkin istəkləri olan hüquqlara- səs vermə və mülkiyyət sahibi olmaya malikdir. Ümumiyyətlə, feminizmi son əsrin ən uğurlu hərəkatlarından hesab etmək olar. Bəs nəyə görə Azərbaycan gəncliyi hələ də “f” sözündən çəkinir.

Əksər hallarda feminizm sözünü radikallıq, ehtiyacı hələ formalaşmayan ideologiya kimi assosiasiya edirlər. Lakin “f” sözündən çəkinənlərə “xoş xəbərim” var. Bu yalnız Azərbaycanda belə deyil. 80-ci illərədək aktiv olan və hüquqi, sosial və iqtisadi streotipləri qırmağa bacaran feminist hərəkatları 2000-ci illərin əvvəlindən başlayaraq daha çox onlayn məkana-sosial mediaya keçməyə başladı və maraqlısı budur ki, 2018-ci ildə Böyük Britaniyada siz feministsiniz sualına yalnız 34% hə cavabını verərək, digərləri post-feminist dövrünün yəni gender bərabərliyinin artıq bərqərar olması ilə cavablarını izah edir. Oxşar olmasa da feminizm prosesi bizim cəmiyyətdə də dəyişir və baş verir.

Feminizmə hələ də böyük ehtiyac vardır.

Feminizimin və gender bərabərliyi siyasətinin sosial, mədəni və iqtisadi proseslərə inteqrasiyasının olmamasının mənfi nəticələrini biz hər gün xəbərləri nəzərdən keçirməklə anlaya bilərik. İkinci dalğa feminizminin sevimli sloqanına əsasən şəxsi problemlər əslində siyasidir. Formal (ədliyyə, polis, təhsil, səhiyyə, sosial müdafiə, Ailə və uşaq komitəsi) və qeyri-formal (ailə, din, etibar, və s.) institutların gender bərabərliyinə köklənməməsi, patriarxal və seksist olmasıdır.  Zorlama, intihar, iqtisadi, fiziki və psixoloji qısnama bunları hər biri özündə cəmiyyətdə gender bərabərliyi və feminist gündəliyinin olmamasını əks etdirir.

Feminizm cəmiyyətdə yeni gedişat qazanır.

Dünyada hal-hazırda daha çox miqrasiya, LGBTQI+, sosial bərabərlik problemlərini ünvanlayan feminizm dalğası bizdə hələ çox körpə və qeyri-olqun ola bilər, çünki Azərbaycanda feminizmin sual edəcəyi məsələlər çox əhatəli, qəzəbli və bəzən ilk baxışda görünməyəndir – müxtəlif formalı qısnamalardan tutmuş reklam lövhələrində seksist mətnlər, patriarxal münasibətlərdən tutmuş institusional ədalətsizliklərə qədər. Bəli, bu mübarizə çərçivəsində nəzəri və ideoloji çatışmazlıqlar var, lakin müxtəlif ictimai müzakirə tədbirlərinin sayının artması debatın yaranmasının göstəricisidir. Cəmiyyətimizdə 20-ci əsrin əvvəllərində mövcud olmuş xeyriyyəçilik feminizmi hal-hazırda daha konseptual formaya keçir. Bu ilin mart ayında baş verən aksiya da qadınların ictimai məkanda stretotiplərini qırmağa yardım edən önəmli hadisə idi.  Bunu görməmək və ya hüquqi problemlər qədər önəmli deyil demək prosesləri hiss etməməkdir.

“F” sözü qorxulu deyil, bu gender ədalətsizliyinə qarşı hərəkatdır.

Feminizmin “düzgün” forması və ya “ən” önəmli olan problemi yoxdur. Bir əsr öncə qadınlar səsvermə, icbari təhsil haqqı və ya ədalətli əmək haqqı uğrunda mübarizə aparırdılar. Lakin səsvermə və təhsil alma hüququ gender ədalətsizliyinin digər problemlərini həll etmədi. Feminizm müxtəlif formalarda müxtəlif insanlar tərəfindən aparıla bilər.

Problemləri anlamaq və ünvanlamaq üçün “F” sözündən çəkinmək deyil, onun linqvistik funksiyasından istifadə edib, özümüzü feminist adlandıra bilərik. “F” sözü hamı üçündür – gender mənsubiyyətindən asılı olmayaraq, tədqiqatçılar, tələbələr, həkimlər , dövlət işçiləri və s. Gender ədalətli cəmiyyətdə yaşamaq üçün!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir