Genderləş(mə)miş şəhər

Nəzakət Əzimli

Ilk baxışdan genderləşməmiş şəhər qulağa çox xoş səslənir, hamımızın arzuladığı da elə gender normalarından, qısnamalarından və yükündən azad bir dünya deyil mi? Hannah Arendt yazırdı ki, “Şəhər strukturlaşmış yaddaşdır və tarix boyu qadınlar unudulan tərəf olub”. Mövcud reallığımızda şəhərlərin çoxu kişilər tərəfindən, kişilər üçün dizayn olunub və bunun nəticəsi olaraq şəhərin resursları hər kəs tərəfindən bərabər istifadəyə açıq deyil.

Memarlıqda qayda və ənənələrin tarixən kişilər tərəfindən yazıldığını nəzərə alsaq, təklif olunan dizayn həllərinin qadınları və ümumiyyətcə digər genderləri nəzərə almaması təəcüblü deyil. Gəlin memarlığın klassiklərindən sayılan Neufert bələdçəsində qadının təsvirinə baxaq.

Ernst & Peter Neufert Architects’ Data

Şəkillərdən açıq aydın görünür ki, qadınlar mətbəx, paltaryuyan otağı və digər ev işlərinin yerinə yetirildiyi məkanlarda təsvir olunublar. Kitabın məkan dizaynı üzrə ölçülər, işıqlandırma, havalandırma və s. memari həll yolları bələdçisi olduğunu nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki evdarlıq işlərinə aid məkanların birbaşa qadınlar üçün dizayn olunması nəzərdə tutulur.

Məsələ burasındadır ki, sırf elə bu dizayn bələdçisində sözü gedən ev yükü və cəmiyyət tərəfindən yüklənmiş yaxınlara qayğl məsuliyyəti ucbatından uzun iş saatları tələb edən və qeyri-elastik iş şərtləri olan memarlıqda davamlı işləyə bilən və qərar verici vəzifələrə gəlib çatan qadınların sayı çox azdır. Məsələn, memarlıq fakultəsini bitirən qadınların sayına nisbətdə, daha yaşlı vaxtlarında, əlaxsüsən də analıq məzuniyyətindən sonra memarlığa qayıdan qadınların sayı kəskin dərəcədə azalır. Nəticədə müasir şəhərlərin planlamasında iştirak etmiş qadınların da sayı çox məhduddur və bu mövcud bərabərsizliklərin və işçi haqlarının boğulmasının birbaşa göstəricisidir.

Baxmayaraq ki, hal-hazırda icitmai məkanlar və şəhərlərin iştirakçılıq əsasında dizayn olunması üçün vəkillik geniş yayılmaqdadır, iri miqyasda hər hansı bir nəticələr haqqında danışmaq çox tezdi. Yaxşı, bəs qadınları da nəzərə alaraq  şəhərləri planlayanda nə dəyişir?

Hər bir işdə olduğu kimi bu prosesdə də iş ehtiyacların araşdırılmasından başlayır. Qadınlar arasında şəhərdə nə etdikləri, ictimai məkanları necə mənimsədikləri, hansı nəqliyyat növündən daha çox istifadə etdikləri barədə sorğu və müşahidələr aparılır. Bunların nəticəsində şəhər toxumasına qadınların da ehtiyaclarını nəzərə alaraq müəyyən dəyişikliklər edilir. Bəzi şəhərlər bu işi görmək üçün öz şəhər planlama institutları və bələdiyyələrində gender mainstreaming [meynstriminq] (iz. gender yanaşmasının şəhər planlamasına tətbiqi) departamenti yaradır.  Bu işi ilk görənlərdən biri 90-cı illərdə Avstriyanın paytaxtı Vyana şəhəri olub. Vyana və bir neçə başqa şəhərin təcrübəsinə əsaslanaraq şəhər dizaynında əsas problemlər və təklif olunmuş həll yolları sıradakılardır:

1.Təhlükəsizlik. Qadınların ictimai məkanlardan istənilən vaxtda və yerdə istifadə edə bilməsi üçün təhlükəsizlik çox vacib şərtdir.  Feminist hərəkatı bir çox qələbələr əldə etsə də, küçə və ictimai məkanlarda təcavüzün sayı hələ də yüksəkdir. Mövcud reallıqda qadınların özlərini təhlükəsiz hiss etmələri üçün küçələrdə gecə işıqlandırılması artırılmalıdır və gözlənilməz qarşılaşmaların sayı minimuma endirilməlidir. Daha praktiki desək qadın bir küçədən o biri küçəyə keçəndə döngədə quraşdırılmış güzgü qadına o biri küçədə onu heç kimi ‘’gözləmədiyi’’ barədə əminlik verməlidir. Bundan əlavə yeraltı keçidlər problematik məkan olaraq qalır, oxucularımızdan bir çoxu yəgin qaranlıq və tük ürpədici tunellərə görə yolunu dəyişməli və ya imkan olanda piyada hərəkəti əvəzinə nəqliyyatdan istifadə etməli olub. Əgər yeraltı keçidlər zəruridirsə ora maksimal işıqlı olmalı, və mümkün olduğu qədər təbii işıq daxil olmalıdır.

2.Səkilərin genişləndirilməsi və piyadalar üçün daha əlverişli şəhər. Biz feministlərin hələ də savaşdığı cəbhələrdən biri ev yükü və ailə qayğısının qadınların üzərində qaldırılmasıdır.  Vyanada aparılan araşdırma bunu göstərib ki, qadınlar həm iş, həm evdəki öhdəliklərini yerinə yetirmək üçün, kişilərə nisbətən daha çeşidli nəqliyyat növlərindən istifadə edirlər və daha çox piyada hərəkət edirlər (uşaqları məktəbdən götürəndə, məşğələlərə aparanda, evə bazarlıq edəndə və s.). Deməli piyada zolağının genişliyi ona özü ilə bərabər daşıdığı zənbillər, apardığı uşaqla rahat hərəkət etməsi üçün müvafiq ölçülərdə olmalıdı. Aşağıdakı infoqrafik bəzi gündəlik vəziyyətlər üçün lazım olan ölçüləri göstərir. Əfsuslar olsun ki, Bakıda və digər şəhərlərimizdə qadınların hərəkət vərdişlərinin araşdırması keçirilmiyib və elə mövcud dar səkilərimiz də birbaşa bunun sübütudur.


1. İki zənbil daşıyan insan üçün- 90 cm
2. Təkərli kürsü istifadəçiləri üçün- 90 cm
3. Uşaq arabası itələyən və körpə ilə gəzən adam üçün- 140 cm
4. İki yanaşı gəzən böyük adam üçün- 200 cm

3. Parklar və ictimai məkanlarda qadınların nəzərə alınması. Müəyyən bir yaşdan sonra ictimai məkanlar və parklarda oynayan qız uşaqlarının sayı azalır. Şəhərimizdə də uşaqlar üçün parklar dizayn olunanda, memarlardan xahiş etmək istərdim ki, qızların da özünü rahat və təhlükəsiz hiss etməsini nəzərə alsınlar. Bunun üçün ilk növbədə oyun sahələri dizayn olunanda qızların üstünlük verdiyi oyun növləri də nəzərə alınmalıdı. Parklardakı müşahidələrə əsasən Vyananın şəhərsalma departamentinin işçiləri belə bir nəticəyə gəliblər ki, oğlanlar daha çox böyük komandadan və güc göstərişindən ibarət olan futbol və basketbol oynayırlarsa, qızlar qeyri-formal kiçik kollektivlə olan top və ip oyunlarına üstünlük verir. Amma təbii ki fərqli cəmiyyət və kontekstlərdə bu dəyişə bilər. Bundan əlavə qızlar oyuna qoşulmazdan əvvəl kənardan oturub müşahidə etməyə üstünlük verir və beləcə mühitə öyrəşmək imkanları olanda özlərini daha rahat hiss edirlər. Deməli onların oturub sosiallaşa biləcəyi məkanlar nəzərə alınmalıdı.  Və ən əsası əgər oyun meydançasının ətrafına dəmirdən hasarlar çəkiləcəksə, qızların özlərini narahat hiss etməmələri və asanlıqla məkanı tərk etmək imkanlarının olması üçün bu hasarlardan bir yox bir neçə çıxış yeri olmalıdır.
Yuxarıda sadaladıqlarımın bir çoxu Avropa ölkələrində aparılmış araşdırma və işlərin nəticəsidir. Əlbəttə, Bakı və ya hər hansı başqa bir şəhərdə dizayn həlləri təklif edəndə biz kontekst, mədəniyyət və yerli şəraitin fərqini anlamalıyıq. Bunun üçün də  ilk növbədə mövcud vəziyyəti araşdırmalı və qadınları və həmçinin digər qrupların nümayəndələrinin şəhər planlaması prosesinə cəlb etməliyik. Dizayn və planlamanın hər bir mərhələsində onlar birbaşa iştirak etməlidirlər.
Sonunda onu qeyd edim ki, gender stereotiplərini cəmiyyətdə daha da çox gücləndirməkdən yayınmaq üçün, təkcə gender bütün sahələrə inteqrasiyası (mainstreaming) yox ‘’hər kəs üçün planlanmış ədalətli şəhər’’ konsepti tətbiq olunur- çünki burda həm digər gender nümayəndələri, həm fiziki məhdudiyyətli insanlar, qocalar və uşaqların da ehtiyacları nəzərə alınır. Belə də ki, geniş səkilər, işıqlı küçələr kimin üçün əlverişli deyil ki?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *