Ağlamayan oğlanlara həsr olunan sərgidən

Nəzakət Əzimli

Lucy ilə Cümə günü, axşam Yaratın “Artım” qallereyasında olan  “Oğlanlar ağlamaz” sərgisinə birgə getməyi qərara aldıq. Sərgiyə gedəndə  gələn həftənin planların müzakirə edən zaman anladıq ki yaxın günlərdə  gender məsələlərinə toxunan bir neçə tədbir keçiriləcək. Bakıda xüsusi  olaraq tabulu mövzulardan olduğundan bu cüzi diqqət və gender  problemlərinin müzakirəsindəki oyanışı hiss etmək bizi sevindirdi… 

Sərgidə  əsasən iki installasiya diqqətimi xüsusi cəlb elədi ki, bunlardan  birincisi, Leyli Salayeva və Çinarə Məcidovanın “Ancaq kişilər, qadınlar  utanmayın” video çarxı, digəri isə Ayxan Xəlilovun iki otağı oldu.  Düşünürəm ki, İlahə və Lucy də mənimlə həmfikir idilər.

Leyli və  Çinarə, təntənəli şəkildə vəsf edilib, əldə tutulan, hərdən də qəfəsdə  saxlanılan Azərbaycan qadının gündəlik yürüyüşü zamanı eşitdiyi absurd  replikalardan ibarət video installasiya hazırlamışdılar. İdeyaya əsasən,  bu replikalardan yazılan şeiri bir neçə Azərbaycanlı qadın dilə  gətirirdi… “Ətrivi yeyim”, “Necə şirinsən ayyala, nə edərdim səninlə” və  s. kimi gündəlik olaraq qulağımızı kəsən replikaları, əminəm ki, bir  çox qadın dilinə gətirməkdə böyük çətinlik çəkərdi. Elə buna görə də,  səhv eləmirəmsə, videoda çəkilmək üçün xanımları tapmaq bir xeyli vaxt  tələb edib. Odur ki, əhsən cəsarətli və ürəkli xanımlara!

Ətrafda  eşitdiklərimdən belə başa düşdüm ki, gecənin ulduzu məhz bu video olub.  Mən isə öz növbəmdə, ulduzlu koftamla, Ayxanın installasiyasının ulduzu  olmağa çalışdım. İlk otağa girəndə qəfildən mənə otaqdan çıxmalı  olduğumu deyən bir səs eşitdim. İkinci otaq isə, içində özlərini  “vorovskoy aləmin” bir hissəsi kimi qələmə verən qaqaşların oturduğu,  hər gün yanından ötüb keçdiyim, ancaq heç vaxt daxil ola bilmədiyim  çayxananı xatırladırdı. Elə həmin bu qaqaşlar, birinci otağı kameradan  izləyərək sənə nə etməli olduğunu deyirdilər: “otaqdan çıx, kitablara əl  vurma” və s. Çox da dərinə getmək lazım deyil əslində, elə bir az  düşünəndə anlayırsan ki, real həyatda da çox vaxt elə həmin “qaqaşlar”  sənin hərəkət və düşüncə azadlığını bu və ya digər şəkildə idarə edərək  sərhədləyirlər. Bəzilərinin həyatında bu daha sarsıdıcı yer tutsa da,  digərləri üçün bu “qaqaşların” gündəlik həyatımıza müdaxiləsinin fərqinə  varmaq çətindir. Bu otaqlarda isə müdaxilənin necə edildiyi  gizlədilmir, əksinə, açıq aşkar şəkildə dilə gətirilir.  Elə mən də  onların diktəsinə etirazımı bildirmək üçün həmin otağa üç dəfə qayıtdım.  Onlar çıx dedikcə, mən otaqda qaldım, onlar kitablara əl vurma dedikcə,  mən kitabların yerini dəyişdim. Tamamilə bir qurğunun hissəsi olmasına  baxmayaraq, bu otaqlar, illərlə yığılan hisslərimi cüzi də olsa açığa  çıxartmağa imkan verdi.

Bu gün şəhərdə gəzəndə bir “myau” səsi  eşitdim—pişiklərdən qorxduğumu məni az çox tanıyan hamı bilir—döndüm  baxdım və gördüm ki çox vaxtı “dayday” deyə stereotipləşdirdiyimiz bir  kişi, pilləkəndə gizlənib, o biri daydaya myaulduyur. Çöldəki “dayday”  ona baxıb gülür  ürəkdən… Olan qalan gender stereotiplərimi bir daha  sındırdılar bu “daydaylar(?)”. Sınıb və sındırala biləcək stereotiplərə  görə sərgilərə getməyə, müzakirələrə qatılmağa, mövqeyini ortaya qoymağa  ya da sadəcə ətrafdakı insanları daha diqqətli müşahidə etməyə dəyər  dedim öz-özümə. Siz nə deyirsiz?

Leave a Comment