Nəyə görə gözəllik sənayesi haqqında danışmağa ehtiyac var…

Lucy Wallwork/

Bakıya köçməzdən öncə Suriyada yaşamış bir dostumla bu iki ölkədə yaşayan qadınları müqayisə edərkən ondan vəziyyəti necə qiymətləndirdiyi soruşdum. Cavabı belə oldu ki, Dəməşqdə şahidi olduğu bir çox halların burada tam əksini görür – komendant saatları, məişət qayğılarının ənənəvi bölgüsü, müəyyən işlərə qoyulan məhdudiyyətlər… Lakin Bakıda gözəçarpan ən böyük fərq ondan ibarətdir ki, burada bu qadınlara ənənəvi gender normaları ilə yanaşı gözəllik normalarına uyğunlaşmaları üçün də sosial təzyiq var.   

2014-cü il- iqtisadi böhran zamanı şəhərdə bir çox biznes strukturları iflasa uğradı və bağlanmış mağaza qapılarına rast gəlmək adi hala çevrildi. İqtisadi çətinliklərə baxmayaraq çiçəklənməyə davam edən yeganə sektor “gözəllik salonları” idi. Bu salonlar şəhərin gözəllik fabrikləri rolunu oynamaqla gecə-gündüz fəaliyyət göstərərək Bakıdaki qadınların qlamur görünməsinə xidmət edir.  

Bunun səbəblərindən biri odur ki namuslu olmaq kimi geniş yayılmış konservativ dəyərlərdən əlavə, Azərbaycanlı qızların həm də ağlasığmaz gözəllik normaları ilə ayaqlaşmaları gözlənilir.

“Ilk növbədə gözəl görünmək lazımdır” (“Beauty First”) mesajından yaxa qurtarmaq qeyri-mümkündür. Günümüzdə qızların işləməsi üçün daha çox imkan və dəstəyin artması yaxşı bir hal kimi qələmə verilə bilər. Ancaq unutmaq lazım deyil ki eyni zamanda qadınlar “bəzənib düzənməyi” də işə qurban verməməlidilər. Bu ideyanın ən bariz nümunəsi kimi Bakıda bu yaxınlarda keçirilən “She” ( O- Ağıllı – Xoşbəxt – Eleqant”)  konfransın gətirmək olar. Yəni sən həm Ağıllı, Xoşbəxt deyiləndə bir çox hallarda  “ailə səadəti” nəzərdə tutulduğunu bilirik, və əlbəttə Eleqant olmalısan! 

 Bakıda təhsil aldığım universitetdə dəfələrlə az qalıb ki, “qadınlar tualeti” işarəsini dəyişib onun yerinə “gözəllik salonu” yazısını asım. Çünki sudan istifadə edənə qədər  selfilər və dodaq boyaları ilə zəngin yollardan keçməli oluram.  Hətta Azərbaycanın mühafizəkar cənub bölgələrinin ucqar kəndlərinə səfərim zamanı makiyaj məhsulları və saçburma maşaları ilə dolu rəflər nəzərimi cəlb edib.    

Bu məsələni dərindən düşündükcə, “gözəllik təzyiqlərinin” Azərbaycanın mühafizəkar gender normalarından qaynaqlandığını anlayırsan. Məni heyrətə gətirən məqamlardan biri də Bakıda hər ikisi işləyən cütlüklər və qadınların iqtisadi imkanları ilə bağlı bir Azərbaycanlı rəfiqəmlə olan söhbətim zamanı oldu. Söhbət zamanı o, bildirdi ki, işləməyə üstünlük versə də , onun qazandığı pul icarə haqqı və ya evin digər kommunal hesablarının ödənilməsinə sərf olunmayacaq, çünki onun həyat yoldaşı bütün bunların qayğısına qalacaq. Mən ondan qazancını nəyə xərcləyəcəyini soruşanda cavabı – “makiyaj və geyimə” oldu.   

Bu təzyiq elə də ədalətli deyil. Azərbaycanlı qadınlar əlavə vaxtlarını bəzənərək özlərini ətraflarındakılara göstərməyə həsr edirlər, halbuki, onlar bu vaxtı mütaliəyə, iş bazarına daxil ola bilmək üçün yeni bacarıq və vərdişlər öyrənməyə, və ya sadəcə məişət öhdəlikləri və peşəkar vəzifələrin  “ikiqat yükü” (“double burden”) arasında özləri üçün müəyyən zaman ayırmağa sərf edə bilərlər. Ola bilsin ki, əslində biz “üçqat yük” – ödənişsiz ev işləri, iş və gözəl görünmək üçün bəzənmək baxımından fikirləşməyə başlamalıyıq.   

Epilyasiya bazarı isə digər çox təsirli sahədir. Bakıda yerləşən Face Studio salonunun ötən il yayımladığı reklam, arzularının kişisini özünə cəlb etmək üçün xanımları tüklərdən azad ideal qadın obrazlarına özlərini uyğunlaşdırmağa səsləyirdi və bu reklam təzyiqə bariz nümunə olduğuna görə qəzəbə səbəb olmuşdu. Həqiqətdə də, türk jurnalist tərəfindən qələmə alınmış maraqlı bir  məqalə mumla aparılan qədim tüktökmə ənənələrinə milli bağlılığı və ictimaiyyət tərəfindən qəbul olunmaq üçün bu ənənələrə əməl etməyin vacib olduğu kimi fikirlərə qarşı Türkiyəli feministlərin uzunsürən mübarizəsini əks etdirir.  

 Feminizm və gözəllik industriyası arasında münasibətlər həmişə çox gərgin olmuşdur. Bir tərəfdən, Qərbdə feministlərin ikinci dalğası gözəllik məhsullarını feminizmin antitezi kimi qəbul edirdilər, belə ki, bu zinət əşyaları yalnız qadınların kişilərə tabe olunmasına xidmət edir. Buna baxmayaraq, feministlərin son nümayəndələri feminizmlə yanaşı özlərinin qadınlıq hüququna iddialı olduqlarını bildirmişlər – “sən dodaq boyasını xoşlaya bilərsən və eyni zamanda da feminist ola bilərsən”. 

Əsas olan odur ki, gənc qızlara ötürülən mesajlara tənqidi yanaşaq. Yazıçı Susan Sontag “Bir qadının gözəlliyi: enerji mənbəyinin enişi” adlı essesində yazır ki, “gözəllik enerjinin bir formasıdır… və buna layiqdir də… lakin kədərli olan odur ki, bu qadınların axtarmağa həvəsləndirildikləri yeganə enerji formasıdır.” Daha sonra o qeyd edir ki, gözəllik “nəsə etmək gücü yox, cəlb etmək gücüdür. Bu elə bir enerjidir ki, özü özünü inkar edir.”

Bütün bunların ən ironik tərəfi odur ki, fikir mübadiləsi apardığım Azərbaycanlı kişilərin böyük əksəriyyəti makiyaj qatları altında itib-batmış qadınları xoşlamır. Face Studio tərəfindən istehsal olunan reklam çarxları kimi çarxlar qadınlara yalnış arzular “satmaqla” onlara bəlkə də heç mövcud olmayan tələbi ödəməyə çağırır.  

Gözəllik industriyasının Azərbaycanlı qadınları geri çəkdiyini etiraf etməyin vaxtıdır. Dodaq boyanızı atmaq lazım deyil. Lakin, gəlin qadınların öz bədənləri ilə bağlı komplekslərindən məharətlə istifadə edən və bizə yaşam üçün uğur modelini “satan” milliardlarla dollarlıq sənayeyə daha tənqidi yanaşaq. Çünki, bundan faydalanan yalnız və yalnız “gözəllik salonlarıdır”. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *